Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İKOMOS) təklifi, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) tövsiyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir.
Azərbaycanda da bu günün daha geniş şəkildə qeyd edilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 18-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda bayram tədbiri keçirilmişdir.
İki hissədən ibarət olan tədbirdə, hökumət rəsmləri, Milli Məclisin deputatları, diplomatik korpusun, elm ictimaiyyətinin nümayəndələri və xarici dövlətlərdən dəvət olunmuş qonaqlar iştirak etmişlər.
Əvvəlcə qoruq ərazisindəki tikililər və abadlaşdırılmış məbədətrafı ərazilərə “xalq gəzintisi” təşkil olunmuşdur. Mərasim iştirakçıları, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsirtoxuma emalatxanalarına, rəsm qalereyasına baş çəkmişlər.
Tədbirin rəsmi hissəsində Azərbaycanın tarixi və mədəni irs abidələrindən bəhs edən film nümayiş olunmuşdur.
Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilk dəfə olaraq belə geniş sürətdə qeyd edilir.
Nazir Prezident İlham Əliyevin tapşırığı ilə qoruqda bərpa işlərinin aparıldığını vurğulamışdır.
Əbülfəs Qarayev tarixi abidələrimizin siyahısında Azərbaycan tarixini əks etdirən 6308 abidə olduğunu, son beş ildə 1700-dək tarixi abidənin aşkarlandığını qeyd etmişdir.
Daha sonra ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin “Milli irs mükafatı”nın 2013-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
Bildirilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən, ölkəmizin mədəni irsinin tədqiqi, mühafizəsi və təbliği sahəsində görülən işləri təşviq etmək məqsədi ilə nazirliyin “Milli irs mükafatı” təsis edilmişdir.
Mükafat mədəniyyət və turizm nazirinin əmri ilə veriləcək və hər il 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə keçirilən təntənəli mərasimdə qaliblərə təqdim olunacaqdır. Mükafat memarlıq, arxeologiya və etnoqrafiya, mədəni turizm, tarix və mədəniyyət abidələrinin bərpası, mədəni irsin tədqiqi, təbliği və mühafizəsi istiqamətləri üzrə - “Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə”, “Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə”, “Azərbaycan irsinin təbliğində xidmətlərinə görə” nominasiyalarında veriləcəkdir.
Sonra mükafatlar təqdim edilmişdir.
Azərbaycan mədəni irsinin tədqiqində xidmətlərinə görə memar Davud Axundov (ölümündən sonra) və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz Arxeoloji Ekspedisiyası, mədəni irsin təbliğində xidmətlərinə görə Romualdo del Bianco Fondunun prezidenti Paulo del Biyanko və “Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyi, mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və “SEBA” Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası “Milli irs mükafatı”na layiq görülmüşdür. “Milli irs mükafatı”na layiq görülən şəxslərə mükafatın simvolu (heykəlciyi) və diplom təqdim olunmuşdur
Tədbir konsert proqramı ilə davam etmiş, meydan tamaşaları göstərilmişdir. Sonda möhtəşəm atəşfəşanlıq olmuşdur.
AzərTAc