İlham Əliyev Azərbaycan Dövlət Musiqili Teatrının əsaslı bərpa və yenidənqurma işlərindən sonra rəsmi açılışında iştirak etmişdir - FOTO
19.4.2013

Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi açılış mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyevə Azərbaycan Dövlət Musiqili Teatrının binasında və ətrafda görülən işlər barədə məlumat verildi.

Sonra Azərbaycan Prezidenti teatrın yenidənqurma işlərində iştirak edən xarici mütəxəssislərlə görüşdü.

Qeyd edildi ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk teatr binası tikilmişdir. 1908-ci il yanvarın 25-də isə müsəlman Şərqində opera janrının əsasının qoyan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin ilk tamaşası bu teatrın binasında olmuşdur. 1922-ci ildən binada Akademik Milli Dram Teatrı, 1960-cı ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərmişdir. 1988-ci ildə uçmaq təhlükəsi olduğuna görə həmin bina sökülmüş və yeni binanın inşasına başlanılmışdır. Teatr binasının tikilib istifadəyə verilməsinə xüsusi diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev 1995-ci ildə tikinti işləri ilə tanış olmuş, öz tövsiyələrini vermişdir. Ulu Öndər 1998-ci ilin oktyabrında teatr binasının rəsmi açılışında iştirak etmişdir. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən, Azərbaycan Dövlət Musiqili Teatrının binasında geniş yenidənqurma işləri həyata keçirilmişdir. Yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına xüsusi diqqət yetirilmişdir.

Prezident İlham Əliyev teatrın tamaşa zalı ilə tanış oldu.

Bildirildi ki, 460 yerlik zal ən müasir avadanlıqla təchiz olunmuşdur. Oturacaqlar və mebel yeniləri ilə əvəzlənmiş, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulmuşdur. Burada ən müasir səs-akustika sistemi quraşdırılmışdır.

Səhnənin işıq sistemləri də müasir layihə və texnologiyalar əsasında yenilənmişdir. Binanın bütün xidməti və qrim otaqlarında əsaslı təmir işləri aparılmışdır. Yenilənmiş havalandırma sistemi ən müasir standartlara uyğundur. Əsaslı bərpa işlərindən sonra teatrdakı səsyazma studiyası və kiçik tamaşa zalı da yeni görkəm almışdır.

Teatrla tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

president.az