Mayda Ukraynada azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılmış abidələrin açılışı olacaq
22.4.2013

Mayın əvvəllərində Ukraynanın ayrı-ayrı şəhərlərində azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılmış abidələrin açılışı olacaq.

Bu barədə Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

Onun sözlərinə görə, mayın 7-də Sevastopolda bu şəhərin alman faşistlərindən işğal edilməsində fədakarlıq nümayiş etdirmiş Azərbaycanın 77-ci atıcı diviziyasının döyüşçülərinin şərəfinə ucaldılmış memorial kompleksin əsaslı təmirdən sonra açılışı olacaq.

Mayın 8-də isə Nikolayev vilayətində Azərbaycanın 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçiriləcək.

Mayın 9-da isə Yaltada 323-cü Yalta atıcı polkunun komandiri Cəlil Nəcəbovun şərəfinə adlandırılan bağın açılışı olacaq. Hazırda bağda abadlıq işləri aparılır, ilk mərhələdə burada xatirə lövhələri vurulacaq.

Xatırladaq ki, Sevastopolda memorial kompleksin təmir-bərpa işləri Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına, Nikolayev və Yaltada abidələrin qoyulması isə Azərbaycan diasporunun dəstəyi ilə aparılır. Nikolayevdəki abidənin qoyulmasını Yunus Əliyev, Yaltada bağın salınmasını Ağalar Yəhyayev və Yunus Əliyev birgə maliyyələşdirir.

Xatırladaq ki, Ukraynanın faşist işğalından azad olunması uğurnda döyüşlərdə on minlərlə azərbaycanlı iştirak edib.

APA