“Hilton Bakı” mehmanxanası üçün yüksək rəhbərlik qrupu təyin olunmuşdur
29.6.2011

“Hilton Worldwide” şirkəti Azərbaycanda inşa edilmiş “Hilton Bakı” mehmanxanasına baş menecerinin təyin olunması ilə bağlı qərar qəbul etmişdir.
Şirkətdən AzərTAc-a bildirmişlər ki, sentyabr ayında açılması nəzərdə tutulan mehmanxana üçün yüksək rəhbərlik qrupu təyin olunmuşdur. Qrupa “Hilton Worldwide” şirkətindən olan mehmanxana biznesi üzrə beynəlxalq təcrübəli peşəkarlar ilə birlikdə Azərbaycan bazarı və Bakı mehmanxana sektorunu dərindən bilən yerli istedadlı mütəxəssislər daxildir.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın “Hilton Worldwide” Şirkətlər Qrupunun vitse-prezidenti Didier Martin bu il Türkiyə, Rusiya, İtaliya, Almaniya, Böyük Britaniya, Polşa, Xorvatiya və Azərbaycanda inşası davam etdirilən yeni mehmanxanaların istifadəyə veriləcəyini bildirmişdi. Bütün bu ölkələrin turistlər üçün maraq doğuran yerlər olduğunu vurğulayan Didier Martin dünyanın 82 ölkəsində “Hilton Worldwide” otellər şəbəkəsinə daxil olan 3 min 600-dən çox mehmanxananın olduğunu diqqətə çatdırmışdı.
Şirkətin vitse-prezidenti, ümumiyyətlə, Avropada 2013-cü ilədək daha 80 mehmanxananın tikintisinin başa çatacağını və fəaliyyətə başlayacağını qeyd etmişdi.