Mayın 1-dən etibarən satışda olan saxta mobil telefon cihazları ölkənin mobil rabitə şəbəkəsində işləməyəcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi satışda olan saxta mobil telefon cihazları almamağı istehlakçılara tövsiyə edir.
İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, respublika ərazisinə qeyri-qanuni yollarla idxala cəhd edilən saxta mobil telefon cihazlarının mütəmadi olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanma faktları nəzərə alınaraq, istehlakçılara bu tövsiyəyə ciddi yanaşmaları məsləhət görülür.
Artıq mayın 1-dən mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyətə başlayır və həmin tarixdən sonra bütün saxta IMEI nömrəli yeni mobil telefon cihazlarının ölkənin mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq.
“Mobil cihazların qeydiyyat sistemi işə düşdükdən sonra, hər hansı istehlakçı saxta IMEI nömrəli yeni mobil telefon cihazı alaraq onu mobil operatorların şəbəkələrinə qoşmaqla xidmətdən yararlanmağa çalışarsa, həmin cihazın istifadəsi qeyri-mümkün olacaq. Ona görə də istehlakçılar yeni mobil telefon cihazları alan zaman bu kimi məsələlərə xüsusi diqqətlə yanaşmalıdırlar” - deyə məlumatda qeyd olunur.
İstehlakçılar yeni fəaliyyətə başlayan www.imei.az ünvanı vasitəsi ilə IMEI nömrələrini yoxlaya və ya “1677” xidmətinə zəng etməklə ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, mobil cihazların qeydiyyat sistemi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması” qaydasına uyğun yaradılıb.
Gün.AZ