Aprelin 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin “Eko-park”ında VII İnepo-Avrasiya Beynəlxalq Olimpiadasında “Ətraf Mühit üzrə” gümüş medala layiq görülmüş Bakı Slavyan Universitetinin (BSU) məktəb-lisey kompleksinin şagirdləri ilə birlikdə Beynəlxalq Yer Günü qeyd edilmişdir.
Qonaqlar “Eko-mərkəz”də təhlükəsizlik təlimatı ilə tanış olmuş, onlara “ARDNŞ-in ekoloji layihələri” mövzusunda təqdimat materialı nümayiş etdirilmişdir.
Sonra BSU-nun məktəb-liseyi tərəfindən “Ümummilli lider Heydər Əliyevin ətraf mühitin qorunmasına dair qurduğu yol” adlı təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
İştirakçılara “Eko-Park”ın məqsədi və tarixi haqqında məlumat verildikdən sonra onlar Abşerona introduksiya olunmuş qırmızı kitaba düşmüş nadir ağac, kol və bitki növləri ilə tanış edilmişdir. Bundan başqa parkda fəaliyyət göstərən “təbiətin dostu” olan yaşıl texnologiyalar iştirakçılara təqdim edilmişdir.
Məktəblilər parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları ilə tanış olmuşlar.
AzərTAc