Bu gündən “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək istəyən 72 nəfər arasında seçim turu start götürür.
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən
verilən məlumata görə, iştirakçılar 9 nəfərdən ibarət 8 qrupa bölünüb.
Qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış
edəcək.
İlk çıxış bu axşam saat 22.00-da olacaq. Bu həftə Ramin Quliyev, Canana
Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil
Qocayev, Orxan Kərimli, Elnarə Həsənova və Səmra Rəhimli yarışacaq.
İştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim
şousunda səs imkanları və səhnə performanslarını nümayiş etdirəcəklər.
Seçim qaydaları ötən il olduğu kimi aparılır. Həftənin qalibi 5 gün
ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi
nəticəsində müəyyən olunacaq. 8 həftənin qalibləri növbəti
mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Finala keçmiş iştirakçılar isə
Azərbaycanı “Eurovision-2012”də təmsil etmək uğrunda yarışacaq.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci “Eurovision”
yarışması 22, 24 və 26 may tarixlərindən baş tutacaq. Müsabiqə
təmsilçimiz birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış
edəcək.
APA