Rumıniyada Dominikan monastrında qazıntı işləri aparan arxeoloqlar bir qəbir tapıblar. Qəbirdə iki skelet əl-ələ tutmuş şəkildə dəfn edilib.
Cluj-Napoca Arxeologiya və Tarix institutunun ekspertləri deyirlər ki, bu qədim monastr qəbirstanlığında çoxlu qəbirlər var. Lakin əl-ələ tutmuş cütlüyün skeletini tapmaq ekspertləri təəccübləndirib. Araşdırmaçı Adiran Rusu deyir ki, həmin dövrdə bu cür dəfnlər nadir hallarda olub:
“Biz görürük ki, kişi bir neçə yerdən yaralanıb və ombası sınıb. Çox güman ki, onu möhkəm bir şeylə döyüb öldürüblər. Qadın da həmin anda ölüb. Lakin sağlamdır. Çox güman onun sevdiyini öldürəndə kədərdən bağrı çartlayıb”.
Rusu bunu onunla izah edir ki, orta əsrlərdə intihar böyük günah sayılırdı və qadın intihar edə bilməzdi. Hətta etsəydi də onu sevgilisinin yanında müqəddəs yerdə dəfn etməzdilər. Arxeoloqların fikrincə, cütlük 1450-1550-ci illərdə dəfn ediliblər.
publika.az