Aprelin 23-də Bakıda, Yusif Məmmədəliyev küçəsi, 14 ünvanında Azərbaycanda və Cənubi Qafqazda ilk “Kukla” incəsənət qalereyası açılmışdır.
Qalereyanın rəhbəri Lalə Kazımova yeni incəsənət məkanının yaranma səbəblərindən geniş söz açmışdır.
Bildirilmişdir ki, bu gün təsviri sənət növləri sırasında kukla sənəti dünya mədəni irs nümunəsi kimi geniş yayılmışdır. Kukla sənəti üzrə məşhur ustaların əl işləri dünyanın nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilir. Ölkəmizdə də bu sənət növünün qədim tarixi vardır. Tarixin müəyyən dövründə o, ayin, oyun və teatr kuklasından bədii kuklaya çevrilərək, digər sənət növləri arasında layiqli yerini tutmuşdur.
Diqqətə çatdırılmışdır ki, paytaxtımızda açılan “Kukla” incəsənət qalereyasının əsas vəzifəsi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir. Bu sahədə kompleks tədbirlərə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi daxildir. Bütün bu tədbirlər kukla sənəti üzrə ustalarımıza öz peşəkarlıqlarını artırmağa, təkmilləşdirməyə və işlərinin dünyanın ən yaxşı sərgi meydançalarında layiqincə təqdim olunmasına imkan yaradacaqdır.
Cənubi Qafqazda ilk dəfə Bakıda fəaliyyətə başlayan “Kukla” incəsənət qalereyası bu sənət növünün inkişafına güclü impuls olmaqla yanaşı, şəhərimizin əhalisi və qonaqları üçün sevimli ziyarət məkanına çevriləcəkdir.
Tədbirdə çıxış edənlər yeni qalereyanın işinə uğurlar arzulamışlar.
İlk dəfə qalereyada Azərbaycan ilə yanaşı, Rusiya, Ukrayna, Latviya, İtaliya və Fransa sənətkarlarının işləri sərgilənmişdir.
Mərasimdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət xadimləri, sənətsevərlər qalereya ilə yaxından tanış olmuşlar.
Ümumilikdə 50-dən çox sənət əsərinin nümayiş olunduğu bu yeni məkan iştirakçıların zövqünü oxşamışdır.
AzərTac