Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.
1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 68-ci ildönümü ilə imzalanan sərəncamda bildirilir ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 700,0 (yeddi yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 300,0 (üç yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.
Sərəncamın icrası məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9,0 (doqquz) milyon manat ayrılsın.
Maliyyə Nazirliyi həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etsin.
Dövlət Sosial Müdafiə Fondu birdəfəlik maddi yardımın sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etsin.
APA