Akademik Milli Dram Teatrında “Maşa və Ayı” tamaşası göstəriləcək
26.4.2013

Aprelin 27-də Akademik Milli Dram Teatrında “Maşa və Ayı” tamaşası göstəriləcək.
Gürcüstanın “Multi-Pulti Dünyası” Uşaq teatrı tərəfindən hazırlanan bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək.

Hazırda nümayiş olunan seriya “Arzular çin olur” adlanır.

Teatr layihəsinin birinci mərhələsi Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində göstərilib.

Bakıda nümayiş olunacaq tamaşa məxsusi olaraq, Azərbaycan tamaşaçıları üçün hazırlanıb və xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr olunub.

Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi dəcəl Maşa Bakıdan qonaq gəlməsini arzulayır və onun arzusu çin olur. Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqında məlumat verir.

Bayram şirniyyatlarının hazırlanma qaydasını, Azərbaycan rəqslərini öyrədir. Onlar birlikdə paxlava bişirir, yumurta boyayır, rəqs edir, bir sözlə, çox əylənirlər.

Məşhur cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış edir.

Tamaşanın quruluşçu rejissoru Qoça Kviçadır. Rolları Maka Tsintsadze (Maşa), Amiran Buidze (Ayı), Niko Kakabadze (Canavar), Tamuna Bedianaşvili (Qartopu), Elnur Əliyev (Cırtdan) və Elnar Qarayev (Şaxta baba) ifa edirlər.

Tamaşa Azərbaycan dilində oynanılır. Maşa rolunu əməkdar artist Məsmə Aslanqızı, Ayını Elnar Qarayev, Canavarı Hikmət Rəhimov, Şaxta babanı Toğrul Kamalov, Cırtdanı Elnur Əliyev səsləndirir.

Biletlər şəhərin mərkəzi kassalarında, eləcə də Akademik Milli Dram Teatrının kassasında satılır.

gun.az