Bakıda altı zaldan ibarət və eyni zamanda 1000-dən artıq tamaşaçı qəbul etməyə malik olan yeni “Park Cinema” kinoteatrı öz qapılarını kino həvəskarlarının üzünə açmışdır.
Kinoteatrın yaradılmasında istifadə olunan müasir avadanlıqlar, yeni texnologiyalar sayəsində, həmçinin tamaşaçı yerlərinin sayı baxımından yeni məkan ölkənin ən böyük və ən müasir kinoteatrı olmağa iddialıdır.
“Park Cinema Barco” şirkətinin ən yeni kinoproyeksiya avadanlığı ilə təchiz olunmuşdur. Məkanın səs avadanlığı isə “Electro-Voice” və “Atmos” kimi aparıcı istehsalçılar tərəfindən təqdim edilmişdir. Burada ilk dəfə olaraq proyeksiya otağı olmayan yeni proyeksiya sistemi tətbiq olunmuşdur. Tamaşaçılar, həmçinin 3D və 3 D HFR formalarının effektlərindən zövq ala biləcəklər. 3D HFR formatı sayəsində adət etdiyimiz kimi, saniyədə 24 kadr əvəzinə 48 və 64 kadr nümayiş oluna bilir, bu da öz növbəsində filmin tamaşaçı tərəfindən mənimsənilməsinə öz müsbət təsirini göstərir.
Kinoteatr İspaniya istehsalı olan alova davamlı və hipoallergen materiallardan hazırlanmış kreslolarla təchiz edilmişdir. Tamaşaçı yerlərinin sayı 1000-dən yuxarıdır. Təqdim olunan zəngin repertuar isə istənilən yaş həddi və müxtəlif zövqlərə cavab verəcəkdir. Kinoteatrda fasiləsiz çalışan müasir klimat-kontrol sistemi ilin bütün fəsillərində tamaşaçıların komfortlu istirahətinə lazımi şərait yaradacaqdır.
Kinoteatrın açılış mərasimində “Park Cinema” şəbəkəsinin direktoru Namiq Quliyev çıxış edərək yeni məkanda tamaşaçılara göstərilən xidmətlərinin yüksək səviyyədə olacağını, dünya kinematoqrafiyasının ən son filmlərinin məhz burada nümayiş etdiriləcəyini bildirmişdir.
Yeni kinoteatr N.Nərimanov metro stansiyasının yaxınlığındakı “Metro Park” alış-veriş mərkəzinin 6-cı mərtəbəsində yerləşir.
“Park Cinema” biletlərin onlayn sifarişi və alınması sistemini həyata keçirən ilk kinoteatrdır.
Yeni məkanda bu biletlərin onlayn alışı və sifarişi, quraşdırılmış terminallar vasitəsilə nağd pula biletlərin alınması kimi əməliyyatlar müştərilərin maksimum rahatlığını təmin edərək həyata keçirilir. Kinoteatrın yaratdığı “Park Cinema klubu”nun və bonus proqramının …… 20 min nəfərdən artıq üzvü vardır.
Ölkədə ilk yeni nəsil kinoteatr şəbəkəsi olan “Park Cinema” 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlamışdır. Hazırda şəbəkə 12 zal və 2000-ə yaxın oturacaq yerlə təqdim olunmuşdur. Mədəniyyət ocağının fəaliyyəti ilk növbədə əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edərək insanların mədəni maarifləndirilməsinə istiqamətləndirilmişdir.
“Park Cinema” kinoteatrlar şəbəkəsinin qarşısına qoyduğu əsas vəzifələrdən biri gənc nəsil arasında kinoya getmək mədəniyyətini bərpa etmək, əhalini yüksək kino mədəniyyətinə alışdırmaqdır.
AzərTac