Azərbaycan nümayəndə heyəti YUNESKO-nun Dünya İrs Komitəsinin 35-ci sessiyasında iştirak etmişdir
30.6.2011

İyunun 19-dan 29-dək Parisdə YUNESKO-nun qərargahında Dünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarət edən Dünya İrs Komitəsinin 35-ci sessiyası keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, ölkəmizin müşahidəçi qismində təmsilçiliyinin təmin olunması məqsədi ilə sessiyada nazirliyin nümayəndə heyəti, habelə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komitəsinin və YUNESKO yanında daimi nümayəndəliyimizin əməkdaşları iştirak etmişlər.
Sessiyanın açılış mərasimində komitənin sədri, Bəhreyn Krallığının mədəniyyət naziri xanım May Bint Muhəmməd Əl Xəlifə, YUNESKO-nun baş direktoru xanım İrina Bokova və digərləri çıxış edərək Dünya İrs Konvensiyasının yaranmasından, həmin vaxtdan keçən 40 il ərzində görülmüş işlərdən bəhs etmiş, Konvensiyanın bəşəriyyətin gələcəyi üçün oynadığı mühüm rolu vurğulamışlar.
Eyni zamanda, sessiyada iştirak edən nümayəndələr, o cümlədən Ukrayna, Latviya, Avstriya, Fransa və digər ölkələrin təmsilçiləri bu il aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xatırlamış və tədbirin yüksək səviyyədə keçirildiyini bildirmişlər.