Hər il dünyada 55 min insan quduzluq xəstəliyindən dünyasını dəyişir
29.4.2013

Hər il dünyada təxminən 55 min insan quduzluq xəstəliyi nəticəsində dünyasını dəyişir.

Bu barədə Böyük Britaniyanın Heyvan sağlamlığı və baytarlıq laboratoriyası Agentliyinin mütəxəssisi Daniel Leo Horton jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, rəqəmin bu qədər böyük olmasına baxmayaraq, dünya ölkələri quduzluq xəstəliyinə ciddi fikir vermirlər.

Beynəlxalq mütəxəssisin sözlərinə görə, əsas problem ondan ibarətdir ki, bəzi hallarda ümumiyyətlə quduzluqdan ölüm faktları qeydə alınmır və gizli saxlanılır: “Ona görə də dünyada quduzluğa yoluxanların dəqiq sayı barədə məlumat yoxdur. Quduzluğa yoluxma faktı daha çox Afrika və Asiya ölkələrinin bəzi hissələrində qeydə alınır. Çünki burada vəhşi heyvanlar daha çoxdur. Quduzluğa yoluxmanın əsas səbəbləri isə bütün dünya ölkələrində itlər tərəfindən dişləmələrdir”.

APA