Bakıda Mobil Texnologiyalar üzrə Beynəlxalq Gənclər Forumu keçirilir
29.4.2013

Bu gün Bakıda Azərbaycan Gənclər və İdman Nazirliyi və Xəzər İnvestisiya Mərkəzinin birgə təşkilatçılığı ilə Mobil Texnologiyalar üzrə Beynəlxalq Gənclər Forumu işə başlayıb.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, forumun keçirilməsində məqsəd Azərbaycan gənclərinin yeni texnologiyalara daha yaxın olması və mövcud imkanlardan səmərəli istifadə edilməsidir: «İnformasiya texnologiyalarının inkişafı gənclərin məşğulluğunu təmin edir, gənclər isə bu sahənin inkişafına yeni ideyaları ilə öz töhfəsini verə bilər».

Tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov 2013-cü ilin ölkədə «İKT ili» elan olunduğunu xatırladıb və bildirib ki, bu il ərzində sözügedən sahədə bir sıra yeniliklər gözlənilir. Son illər ərzində bütün dünyada, o cümlədən Azərbaycanda mobil rabitə sahəsinin sürətlə inkişaf etdiyini bildirən nazir müavini həmçinin qeyd edib ki, mobil rabitə xidmətlərindən istifadə edənlərin sayı da dəfələrlə artıb: «Ölkədə bu sahənin inkişafı üçün dövlət tərəfindən lazımi şərait yaradılıb və dəstək verilir. Artıq Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları 3G və 4G xidmətlərinin göstərilməsinə başlayıb. Matın 1-dən etibarən ölkədə mobil telefonların qeydiyyatı sistemi işə düşəcək, yaxın zamanlarda isə mobil telefon nömrələrinin daşınması xidməti də istifadəyə veriləcək».

İ.Məmmədov Bakıda keçirilən bu forumu yüksək qiymətləndirib və bildirib ki, bu cür forumlar mobil rabitə şəbəkəsində yeni xidmətlərin yaradılmasına imkan yaradır və gənclər tərəfindən bu sahədə yeni ideyaların üzə çıxmasına təkan verir.

Tədbirdə iştirak edən Dünya Bankının inkubator və texnoparklar şəbəkəsini yaradan «infoDev» layihəsinin rəhbəri xanım Haydi Humala bildirib ki, layihə çərçivəsində dünyanın 8 ölkəsində mobil texnologiyalar mərkəzi (Mobile Technology Hub) yaradılıb ki, mərkəzin biri Azərbaycandadır: «Məqsədimiz Azərbaycan gənclərini bu sahəyə cəlb etmək və onlara layihə çərçivəsində dəstək verib, təcrübə mübadiləsi aparmaqdır».

İki gün davam edəcək forumda 20 ölkədən (ABŞ, Finlandiya, Belçika, Almaniya, Avstriya, Rumıniya, Bolqarıstan, Serbiya, Makedoniya, Yunanıstan, Türkiyə, Estoniya, Rusiya, Belarus, Ukrayna, Moldova, Tunis, İordaniya, Hindistan və Sinqapur) İKT sahəsində çalışan 30-a yaxın mütəxəssis iştirak edir. Forumun keçirilməsində məqsəd mobil texnologiyaların son nailiyyətləri ilə tanış olmaq, mobil əlavələrin hazırlanması və istifadə olunması sahəsində beynəlxalq təcrübəni öyrənmək, həmçinin gənclərin yeni texnologiyalara marağını artırmaqdır.

Qeyd edək ki, tədbir çərçivəsində «Mobil texnologiyalar sahəsində innovasiyalar və onlara yatırılan sərmayələr», «Mobil texnologiyaları: Gənclərin virtual sahibkarlığı üçün yeni məkan», «Tələbələr üçün texnoloji yeniliklər», «Texnoloji inkişafda «Lego robotlarının» rolu» kimi mövzularda sessiyalar təşkil olunacaq, «Mobile Monday» şəbəkəsinin təqdimatı keçiriləcək.

APA