Azərbaycan Dövlət Neft Akademiyasında kütləvi qətl törədilməsindən 4 il ötür
30.4.2013

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş kütləvi qətldən 4 il ötür.

2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F. Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub.

Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 6 mart 1951-ci ildə Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

APA