Yaponiyada “qızıl həftə” başlamışdır
30.4.2013

Aprelin 27-dən Yaponiyada “qızıl həftə” başlamışdır. Yaponlar doqquz gün davam edən və özündə müxtəlif bayramları birləşdirən günləri belə adlandırırlar.
Bu il ilk dəfə olaraq “qızıl həftə”nin ikinci günündə Suverenliyin Bərpası Günü tənətənəli şəkildə keçirilmişdir.
Aprelin 29-da isə yaponlar Syoba Gününü qeyd edirlər. Həmin günün tarixi isə İmperator Hirohitonun rəsmi şəkildə özünü insan elan etməsi ilə əlaqədardır. 1945-ci ildə İkinci Dünya müharibəsi militarist Yaponiyasının məğlubiyyəti ilə başa çatdı. Buna qədər İmperator Yaponiyada Allah hesab edilirdi. Bu nə zarafat, nə də metafora idi. Yaponlar tam sədaqətlə inanırdılar ki, dövləti və onların həyatını idarə edən Allahdır.
İmperator Hirohitonun hakimiyyəti 1926-cı il dekabrın 25-dən 1989-cu il yanvarın 7-dək olan dövrü əhatə edir və Syoba dövrü adlanır. Həmin dövr Yaponiya tarixində ən uzunmüddətli olması ilə yanaşı, həm də mühüm hadisələr tarixi kimi xarakterizə olunur. Bu dövrdə yaponları bir çox dəyərləri yenidən qiymətləndirməyə məcbur etmiş İkinci Dünya müharibəsi, insanların yaddaşında silinməz iz qoymuş Hiroşima və Naqasakinin atom bombardumanına məruz qalması, əhalinin sürətlə artımına səbəb olmuş görünməmiş iqtisadi inkişaf, sənayeləşmə və məişətin yaxşılaşması, 1953-cü ildə televiziya yayımını başlanması, Asiyada ilk dəfə olaraq 1954-cü ildə ilk Olimpiya Oyunlarının Tokioda, 1972-ci ildə isə Sapporoda keçirilməsi baş vermişdir.
İmperator Hirohito sağ olarkən onun doğum günü yaponların təqvimində “İmperatorun ad günü” kimi rəsmi qeyd edilirdi. Vəfat etdikdən sonra isə, o, rəsmi olaraq İmperator Syoba əbədi tituluna layiq görüldü. İmperatorun doğum günü rəsmi bayram kimi qalsa da, onun adı “Yaşıllıq Günü”nə dəyişdirildi.
Yaponiya cəmiyyətində gedən uzun müzakirələrdən sonra 2007-ci ildə qəbul edilmiş “Milli bayramlar haqqında” qanuna uyğun olaraq aprelin 29-u Syoba Günü adlanmağa və bayram kimi qeyd edilməyə başlandı.
Maraqlıdır ki, apreldə yaponlar yalnız İmperator Syobanın doğum gününü qeyd etmirlər. Hər il aprelin əvvəlində Yaponiyanın qədim paytaxtı Kyotodakı İmperator sarayında “Açıq qapı günləri” keçirilir. Həmin günlərdə həm yaponlar, həm də çoxsaylı turistlər İmperator sarayını ziyarət edərək buranın möhtəşəm arxitekturasından, gözəl bağlarından zövq almağa can atırlar.
“Yaşıllıq Günü”nə gəlincə isə, hazırda bu bayram mayın 4-də qeyd edilir. Beləliklə yaponlar “qızıl həftə” müddətində tam sərbəst istirahət üçün geniş imkan əldə edirlər. Həmin həftə ərzində mayın 3-də Konstitusiya Günü, mayın 5-də isə Uşaqlar Günü də qeyd edilir.

AzərTac