Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənədə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.
Səsvermə Əmək Məcəlləsinə görə iş günü hesab edilməyən bayram gününə düşərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Dəyişiklik vətəndaşların istirahət hüququnun tənzimlənməsinə xidmət edir.
Seçki Məcəlləsinə əlavə edilən yeni 211.5 maddəsində deyilir ki, “Məcəllənin 211.4 maddəsinin tələbləri nəzərə alınmaqla keçirilən seçkilərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır”. Məcəllənin 243-cü maddəsinə edilən dəyişiklikdə isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi üçün şərtlər açıqlanıb. Dəyişiklikdə göstərilir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunla bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrar seçkilər keçirilir.
Müzakirələr zamanı deputat İqbal Ağazadə Sumqayıtda gənclərlə görüşünə polisin mane olmasından şikayətlənib. O, YAP icra katibi Əli Əhmədovun heç bir problem olmadan rayonlarda tədbirlər keçirdiyini qeyd edib.
YAP-dan olan deputat Siyavuş Novruzov dünyanın heç bir ölkəsində seçki müddətinin 3-4 ay olmadığını bildirib: “Siyasətçinin fikirləri mətbuatda, internetdə yayıla bilər. Problem nədir axı? Ola bilər ki, hansısa partiya kiminsə prezidentliyə namizədliyini irəli sürüb. Ancaq onun hüquqi statusu Seçki Məcəlləsində əksini tapıb. Həmin şəxs prezidentliyə namizəd kimi qeydiyyata alınmadan namizəd kimi görüşlər keçirməyə başlanır. Burada Əli Əhmədovun keçirdiyi görüşlərlə bağlı danışıldı. Əli Əhmədov qabaqcadan icra qurumlarını xəbərdar edərək qərargahında görüş keçirir, çayxanada, yaxud hardasa moizə oxumur. Yaxud biri Bakıdan 100 nəfəri maşınla aparır, məqsəd də 100 nəfərlə görüş keçirməkdir. Sonra da yol hərəkəti qaydalarını pozur, deyir ki, görüşə imkan verilmir”. S.Novruzov imza vərəqələri ilə bağlı problem olduğunu söyləyib: “İmza vərəqinə imza atanın ora imza atdığı tarixi yazmasının nə əhəmiyyəti var? Seçki komissiyalarına gəlincə, Azərbaycanda seçki komissiyaları idealdır. Fransada seçkini Daxili İşlər Nazirliyi, Polşada hakimlər keçirir. Bizim kimdənsə öyrənməyə ehtiyacımız yoxdur, onlar bizdən öyrənib daha demokratik seçki keçirsinlər”.
Deputat Zahid Oruc Almaniyada, Fransada baş nazirin 8-9 dəfə seçilə bildiyini xatırladıb: “Üçüncü dövrdə prezident seçilən insan daha böyük məsuliyyəti üzərinə götürür. Həm də bu, xalqın iradəsi altında olur. Parlament üsul-idarəsində də baş nazir hökuməti formalaşdırır. Fərq nədir?! Parlament üsul-idarəsinin fəsadlarını bu gün Gürcüstan prezidenti Mixeil Saakaşvili və partiyası yaşayır, xalqı da yaşayacaq”.
YAP-ın sədr müavini, deputat Əli Əhmədov isə Azərbaycanda keçirilən seçkilərin qrafikini xatırladaraq deyib ki, seçki kampaniyası üçün iki aylıq müddət çox optimal müddətdir: “Namizədlər platformalarını çox rahat təqdim edə bilirlər”.
Layihə səsə qoyularaq qəbul olunub.
APA