Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) mayın 1-dən 19 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 310 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.
DQMK-dan bildirilmişdir ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 275-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 14-ü isə apelyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 20-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, biri isə apelyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
“Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahələrində bilikləri yoxlanılacaqdır. Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait DQMK-nın rəsmi internet saytında yerləşdirilmişdir. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaqdır.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər. Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 20 gün müddətində Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 1 may tarixli nömrəsinə, eləcə də mayın 1-dən DQMK-nın rəsmi internet saytında (www.dqmk.az) verilmişdir.
Mərkəzi icra hakimiyyəti orqanlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 75, Gənclər və İdman Nazirliyi üzrə 69, Dövlət Sosial Müdafiə Fondu üzrə 46, Maliyyə Nazirliyi üzrə 22, Nəqliyyat Nazirliyi üzrə 18, İqtisadi İnkişaf Nazirliyi üzrə 12, Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 7, Səhiyyə Nazirliyi üzrə 6, Dövlət Statistika Komitəsi üzrə 4, Kənd Təsərrüfatı Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi üzrə 1 vakant vəzifə, məhkəmə hakimiyyəti orqanlarından Nərimanov Rayon Məhkəməsi üzrə 9, Sumqayıt Apelyasiya Məhkəməsi üzrə 2, Abşeron, Hacıqabul, və Qubadlı rayon məhkəmələrinin hər biri üzrə isə bir vakant vəzifə müsabiqəyə, Gənclər və İdman Nazirliyi üzrə 3, Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 15, Sumqayıt Apelyasiya Məhkəməsi üzrə isə bir vakant vəzifə ümumi müsahibəyə çıxarılmışdır.
AzərTac