Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə turnir keçiriləcəkdir
1.5.2013

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə mayın 4-də “Kempinski Badamdar” mehmanxanasının “Qəbələ” zalında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə turnir keçiriləcəkdir.
Turnir Gənclər və İdman Nazirliyinin və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcəkdir.
Nazirliyin mətbuat xidmətindən bildirilmişdir ki, turnirin məqsədi ümummilli lider Heydər Əliyevin irsini və ideyalarını təbliğ etmək, eləcə də gənclər arasında intellektual yarışları populyarlaşdırmaqdır.
Turnirdə 26 ali təhsil müəssisəsindən 60 komandanın iştirakı nəzərdə tutulur.
Turnir 4 tur üzrə 60 sualdan ibarət olacaqdır.
Yarışın qalibləri mükafatlandırılacaqlar.

Azərtac