Aprelin 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında bu incəsənət qurumunun mərhum baş rejissoru, Əməkdar İncəsənət Xadimi Rəhman Əlizadənin “Şeir, nəsr, deyimlər” adlı sonuncu kitabının təqdimat mərasimi keçirilmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə nəşr edilmiş kitaba müəllifin müxtəlif dövrlərdə yazdığı şeirlər, səkkiz kiçik hekayəsi və s. yaradıcılıq nümunələri daxildir.
Mərasimdən əvvəl iştirakçılar teatrın foyesində bu yaxınlarda dünyasını dəyişmiş Rəhman Əlizadənin fotolarından ibarət stendlə tanış olmuşlar.
Tədbirdə Rəhman Əlizadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, o, 30-dan çox komediya yazmış, onlardan 20-yə qədəri tamaşaya qoyulmuşdur. Şeirləri “Azərbaycan”, “Ulduz”, “Kirpi”, “Qobustan” və digər jurnallarda nəşr olunmuşdur.
1993-cü ildən ömrünün sonunadək Dövlət Kukla Teatrında baş rejissor kimi çalışmış Rəhman Əlizadə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olmuşdur. Rəhbərlik etdiyi teatrlarda hazırladığı tamaşaların ölkədə və xaricdə qazandığı uğurlardan söhbət açmışlar.
Bildirilmişdir ki, BŞMTİ-nin təşkilatçılığı ilə R.Əlizadənin 2008-ci ildə “Komediyalar”, 2009-cu ildə “Pyeslər”, 2012-ci ildə isə özünün və tərcümə etdiyi pyeslərdən ibarət üçüncü cild “Pyeslər” kitabları çapdan çıxmışdır.
Mərasimdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, xalq artistləri Afaq Bəşirqızı və İlham Namiq Kamal və başqaları çıxış edərək Rəhman Əlizadə ilə bağlı maraqlı əhvalatlardan, xatirələrindən söhbət açmış, onun insani xarakterindən, dramaturq, rejissor və pedaqoq kimi fəaliyyətindən danışmışlar.
BŞMTİ-nin rəisi Əlikram Əliyev Rəhman Əlizadə ilə söhbətlərindən danışaraq, onun dünyagörüşünün zənginliyini xüsusi vurğulamışdır. O, R.Əlizadənin sayca dördüncü kitabını nəşr etdirdiklərini nəzərə çatdıraraq müəllifə kitabının təqdimatını görmək nəsib olmadığını təəssüflə qeyd etmişdir.
Mərhum sənətkarın ailəsi adından çıxış edən Çingiz Əlizadə kitabın nəşrində və tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.
Sonra Rəhman Əlizadənin “Dəli Domrul” tamaşası nümayiş olunmuşdur.
AzərTac