Yaponiyanın Fuci dağının UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilməsi gözlənilir. Yerli KİV-lərin yazdığına görə, bu barədə müvafiq tövsiyə həmin beynəlxalq təşkilatın məsləhətçi qrupu tərəfindən hazırlanmışdır.
Yaponiyalı jurnalistlər əmindirlər ki, təşkilatın bu barədə qərarı müsbət olacaqdır. Çünki təcrübə UNESCO-nun məsləhətçi qrupu tərəfindən birbaşa verilmiş tövsiyənin həmişə təsdiq olunduğunu göstərir. Bu barədə rəsmi qərarın təşkilatın iyun ayında Kambocada keçiriləcək iclasında qəbul ediləcəyi gözlənilir.
Məsləhətçi qrupun rəyinə əsasən, Fuci dağı Yaponiyanın əsl rəmzidir və bu ölkədə təbiətə böyük diqqətin bariz nümunəsidir.
Hazırda Yaponiyanın 12 obyekti Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir. Bunların içərisində Heqo prefekturasında “Himeji” qəsri və Hiroşimadakı Sülh abidəsi xüsusi yer tutur.
Fuci dağına gəlincə isə o fəaliyyətdə olan vulkandır. Hönsü adasında, Tokiodan 90 kilometr məsafədə yerləşən Fuci Yaponiyanın ən yüksək dağıdır və onun hündürlüyü 3776 metrə bərabərdir. Məşhur vulkan son dəfə 1708-ci ildə oyanmışdır. Fuci Yaponiyaya gələn turistlər arasında çox məşhurdur. Dağın zirvəsində sintoist məbədi və meteostansiya yerləşir.
AzərTac