Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Tour d`Azerbaidjan” beynəlxalq velosiped turu başlayıb
1.5.2013

Mayın 1-də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Tour d`Azerbaidjan” beynəlxalq velosiped turu başlayıb.

Yarışın birinci mərhələsi Heydər Əliyev Mərkəzinin qarşısında start götürüb.

Heydər Əliyev Mərkəzi – metronun “Koroğlu” stansiyası – Heydər Əliyev Mərkəzi marşrutu üzrə ümumi uzunluğu 157 kilometr olan mərhələ 11 dövrə vurmaqla başa çatacaq.

“Tour d`Azerbaidjan”da ümumilikdə 25 komanda birincilik uğrunda mübarizə aparır. Bunların 17-si kontinental komanda, 2-si klub, 6-sı isə yığma komandadır. Hər komanda heyətində altı idmançı ilə yarışır. Turnirdə Azərbaycanı “Synergy Baku Cycling Project” komandası təmsil edir.

Qeyd edək ki, turun ikinci mərhələsi mayın 2-də Şıx çimərliyi ilə üzbəüz ərazidəki, yenidən qurulmuş müasir velosiped parkından start götürəcək Bakı–Abşeron–Qobustan–Şamaxı–İsmayıllı marşrutu üzrə keçiriləcək və idmançılar 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllıda finiş xəttini keçəcəklər.

Üçüncü mərhələ mayın 3-də Qəbələ-Oğuz–Şəki–Oğuz–Qəbələ marşrutu üzrə (165 km) keçiriləcəkdir.

Dördüncü mərhələ mayın 4-də Qəbələ-Şamaxı marşrutu üzrə təşkil olunacaqdır və velosipedçilər 116 kilometr məsafə qət edəcəklər.

Beşinci – sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək, Bakının mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.

Gün.Az