Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyi ilə görüşmüşdür.
Görüşün məqsədi Azərbaycanın getdikcə artan turizm potensialı barədə qarşı tərəfi məlumatlandırmaq, Dubayda bu sahəyə rəhbərlik edən orqanın ölkəmizə diqqətini cəlb etmək olmuşdur.
Bildirmişdir ki, ilin bütün fəsillərində Azərbaycanda istirahət etmək qonaqlara böyük zövq verir. Həmçinin Avropa ilə müqayisədə ölkəmizdə qiymətlərin daha münasib olması Azərbaycana maraq göstərən xarici turistlərin sayının getdikcə artmasına şərait yaradır. Cəmiyyətin rəhbəri ölkəmizdə turizm sektorunun daha da inkişafı məqsədi ilə paytaxt Bakıda dünyanın ən məşhur mehmanxanalarından olan 6 yeni 5 ulduzlu otelin tikildiyini diqqətə çatdırmışdır.
Cəmiyyətin sədri ölkəmizdə qış turizminin inkişafına da xüsusi diqqət yetirildiyini bildirmişdir. Eyni zamanda o, nazirliyin rəhbərliyinə Naxçıvan, Gəncə, Qəbələ, Zaqatala, Şəki, Lənkəran və digər qədim tarixə malik səhərlərimiz və turizm məskənlərimiz barədə geniş məlumat vermişdir. S.İmanov Dubay rəsmilərinin diqqətini ölkəmizin işğal altında olan ərazilərinə yönəldərək vurğulamışdır ki, Ermənistanın zəbt etdiyi Dağlıq Qarabağ və onun ətrafındakı ərazilər Azərbaycanın ən səfalı və görməli yerlərindəndir. Erməni işğalçıları Azərbaycanın əsrarəngiz guşələrindən olan Kəlbəcərin də təkrarolunmaz turizm potensialına, şəfalı bulaqlarına yiyələnmişlər. O bildirmişdir ki, Azərbaycan dövləti tezliklə öz torpaqlarını düşmən tapdağından xilas edəcəkdir.
Görüşdə nazirliyin rəhbərliyinə Azərbaycanın turizm imkanlarını əks etdirən çoxlu kitab, brosür, CD, milli muğamlarımızdan ibarət disklər təqdim olunmuşdur.