Xəzərin Azərbaycan sektorunda ilk sualtı seysmik stansiya payızda quraşdırılacaq
2.5.2013

“Kinemetrics” şirkətinin nümayəndələri Azərbaycana gəliblər. Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar”, “Ümid” və “Günəşli” yataqlarının yaxınlığında quraşdıracağı dənizdibi seysmik stansiyaların layihələndirmə işləri ilə əlaqədar ABŞ-ın “Kinemetrics” şırkətinin əməkdaşları Matias Franke və Edelvays Spasov Azərbaycanda səfərdədirlər.

Səfər çərçivəsində qonaqlar RSXM-in baş direktoru Q.Yetirmişli ilə görüşüblər. Dənizdibi seysmik stansiyaların quraşdırılması ilə bağlı layihənin son tamamlanma işləri üzrə aparılan müzakirələrdə həmçinin ARDNŞ-ın, ”Xəzərneftqaz” layihə İnstitutu, Xəzər dəniz Neft Donanması, “Kinemetrics” şirkətinin nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı MDB məkanında ilk dəfə olaraq, Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların tikintisinin bu ilin payızına qədər başa çatdırılmasına da toxunulub. İlkin quraşdırma işlərinin “Bahar” yatağı ətrafında aparılması nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, 3 dənizdibi seysmik stansiya quraşdırılıb istismara verildikdən sonra bu stansiyaların sayının gələcəkdə 10-a çatdırılması nəzərdə tutulur ki, bunun vasitəsi ilə də Xəzər dənizinin Azərbaycan sektoru boyunca dənizin dibindəki seysmik aktivliyi daha yaxşı öyrənmək mümkün olacaq.

gun.az