Bakı axşam çiçəyinə büründü - FOTO
2.5.2013

Dünən Azərbaycan tamaşaçısının həvəslə gözlədiyi “TRT Müzik” kanalının sevilən xor ansamblı "Axşam Səfası" Heydər Əliyev adına Sarayda möhtəşəm konsert proqramı ilə çıxış etdi.

Konsert TRT-nin yaranmasının 49-cu ildönümü və Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilib.

Konsert proqramında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov, millət vəkilləri, Azərbaycanın tanınmış sənət adamları, səfirlik nümayəndələri, Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri iştirak ediblər.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı, "İstanbul Shopping Fest"in maliyyə dəstəyi ilə baş tutan konserti xorun solisti açıq elan etdi.

İlk çıxış üçün Azərbaycanın xalq artisti Alim Qasımovu və qızı əməkdar artist Fərqanə Qasımovanı səhnəyə dəvət etdi. Alim Qasımov və Fərqanə Qasımovanın çıxışı tamaşaçılarla yanaşı türkiyəli qonaqların da heyrətinə səbəb oldu.
Alim Qasımov və Fərqanə Qasımovadan sonra səhnəyə “Axşam səfası” orkestri dəvət edildi.

“Axşam Səfası” orkestri türk sənət musiqisi, türk xalq və pop musiqiləri ilə konserti davam etdirdi. Xorun Azərbaycan mahnılarını oxuması isə Azərbaycan tamaşaçısının zövqünü oxşadı.

Gecədə Azərbaycanda yaşayan türkiyəli opera müğənnisi Oya Ergün Azərbaycan mahnıları ifa etdi.
Əməkdar artist Tünzalə Ağayevanın ifası isə qonaqları heyrətləndirdi. Türk sənət musiqisi nümunələrini və Azərbaycan mahnılarını pop, caz, bluz və muğamın sintezi ilə təqdim edən əməkdar artistdən türkiyəli aparıcı Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa etməyi xahiş etdi. Tünzalə Ağayeva tamaşaçılarla birgə “Sarı gəlin”-i oxudu.

Konsert proqramı ilk dəqiqələrindən sona qədər TRT Avaz, TRT Müzik və İctimai Televiziya ilə canlı yayımlandı.

“Axşam səfası” xor qrupu uzun illərdən bəri fəaliyyət göstərir. “Axşam səfası” adı isə yalnız axşamlar açan çiçəyin adından götürülüb. Xor konsert proqramları ilə dünyanın müxtəlif ölkələrində möhtəşəm konsertlər verib. Qrupun özünəməxsus prinsipləri dəyişməzdir. Pop qruplarından fərqli olaraq yalnız yüksək səviyyəli konsert proqramında iştirakı qəbul edir. Sonda 10 nəfər solistlə Heydər Əliyev adına Sarayda iştirak edən qrupunun rəhbəri Suat Yıldırım bildirdi ki, Bakı konserti onun ürəyincə olub. Tamaşaçıların türk sənət musiqisinə reaksiyası onu sevindirib.

publika.az