Azərbaycanın “Eurovision-2013” təmsilçisi müsabiqədəki favoritlərini açıqlayıb
3.5.2013

“Azərbaycanı “Eurovision” musiqi yarışmasında 2008-ci ildən təmsil etmək istəyirdim”. Bunu esctoday.com saytına müsahibəsində Azərbaycanın “Eurovision-2013” təmsilçisi Fərid Məmmədov deyib.



Onun sözlərinə görə, əvvəllər milli seçim turlarına qatılmayıb: “Çünki özümü kifayət qədər hazır və güclü hesab etmirdim. Bu il milli seçim turlarına qatıldım və birinci dəfədən qalib gəldim. “Eurovision” çox böyük müsabiqədir və mənə “Hold Me” mahnısı ilə dünyaya bir mesaj çatdırmaq üçün unikal imkan yaradır. Bu mahnı sərhəd tanımayan sevgi haqqındadır. Həmin sevgi məni yaşadır və onu bütün insanlarla bölüşürəm. Bu, mahnı arxasında bir mesajdır”.

Fərid müsabiqədəki favoritlərini də açıqlayıb: “Demək olar ki, bütün mahnıları dinləmişəm. Amma favoritlərim İsveç, Malta, Ukrayna və Gürcüstandır. Buna baxmayaraq, bu il də yaxşı mahnılar çoxluq təşkil edir”.

Təmsilçimiz “Eurovision” müsabiqəsindən sonrakı planları haqqında danışıb: “Hazırda mən ancaq “Eurovision” haqda düşünürəm. Müsabiqədən sonra yəqin ki, tətil üçün Maltaya qayıdaram. Mən promo-tur çərçivəsində orda oldum və ora məni özünə aşiq etdi”.

APA