Bu gün - mayın 3-ü türk dünyasında Türkçülük Günü kimi qeyd olunur.
Hər ilin bu günü bütün türklər türk dünyasının böyük şairi və fikir adamı Hüseyn Nihal Atsızın turançılıq iddiası ilə məhkəməyə çəkilməsini tarixi hadisə kimi qeyd edir.
Qeyd edək ki, Türkçülük bayramının keçirilməsinin tarixi 69 il öncəyə gedib çıxır. Belə ki, bu tarixi gün ilk dəfə 1944-ci ilin 3 mayında Topxana Hərbi Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkan başda olmaqla 10 nəfər məhkum tərəfindən qeyd olunub.
“Ankara nümayişi”ndən sonra həmin gün daha geniş miqyas əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.
Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd olunmaqdadır. Həmin tarixdə Bakıya gələn Başbuğ Alparslan Türkeşin və milli hərəkat lideri Elçibəyin iştirakı ilə bu bayram Azadlıq meydanında böyük təntənəli şəkildə qeyd olunub.
Həmin gündən etibarən, bu bayram Turan ideyasının daşıyıcıları arasında keçirilməkdədir. Milli-azadlıq hərəkatının lideri, mərhum prezident, böyük turançı Əbülfəz Elçibəyin sağlığında bu tarix Azərbaycanda təntənəli şəkildə qeyd olunurdu. Elçibəyin ölümündən sonra isə Azərbaycanda bəzi partiyalar onun doğum gününü, yəni 24 iyunu Türkçülük Günü kimi keçirirlər.
Bütün türkləri Türkçülük Günü münasibətilə təbrik edirik. Tanrı türkü qorusun!
gun.az