İspaniyanın Jirona əyalətində yerləşən Kataloniyanın “Celler de Can Roca” restoranı Britaniyanın “Restaurant” jurnalının versiyası üzrə 2013-cü ildə dünyanın ən yaxşı restoranı adını qazanmışdır.
“Celler de Can Roca” ilk dəfə bu dəyərli reytinqə səkkiz il bundan əvvəl düşmüşdür və bu illər ərzində lider mövqeyinədək yüksəlmişdir. Restoranın təsvirində deyilir: “Bu ailə triumviratı yaxşı komanda ilə lüzumsuz teatrallıq olmadan möcüzə yaratmağa qadirdir. “Celler de Can Roca” restoranında yemək həqiqətən əhval-ruhiyyəni yüksəldir və ailə hərarəti gətirir”.
Roka qardaşlarının restoranı Kataloniyanın reytinqdə ön sıraya çıxa bilmiş ikinci restorandır. 2006-cı ildən 2009-cu ilədək hit-parada hazırda bağlanmış “El Bulli” restoranı başçılıq etmişdir. Ona şöhrət qazandıran baş aşbaz Ferran Adrianın ustalığı və onun molekulyar mətbəxi olmuşdur.
“Restaurant” jurnalının siyahısında ikinci yeri keçən il birinci yerdə olmuş Kopenhagendəki “Noma” restoranı tutur. Sonra Modenadakı (İtaliya) “Osteria Francescana”, “Mugaritz” (İspaniya) və Nyu-Yorkdakı “Eleven Madison Park” restoranları gəlir.
Dünyanın 50 ən yaxşı restoranı sırasında Braziliya, Böyük Britaniya, Avstriya, Almaniya, İsveç, Peru, Fransa, Meksika, Yaponiya, Avstraliya, Belçika, Tailand, Niderland, Çin, Portuqaliya, Sinqapur və İsveçrə restoranları vardır.
AzərTac