Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “RAGB-Fashion Day” moda müsabiqəsi keçirilmişdir - FOTO
6.5.2013

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə mayın 5-də Moskvanın mərkəzindəki “MOD-Design” Müasir Dizayn və İnnovasiyalar Mərkəzində gənc Rusiya və Azərbaycan dizaynerlərinin “AMOR-Fashion Day” moda müsabiqəsi keçirilmişdir. RAGB və “Baku” beynəlxalq jurnalının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Rusiyanın gənc dizaynerləri ən yeni geyim kolleksiyalarını təqdim etmişlər. Möhtəşəm moda bayramında Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etmişlər.
Gecəyə gələnlər “MOD-Design” Mərkəzinin foyesində “Baku” jurnalının təqdimatı ilə “BAKU-Fashion” fotosərgisi, habelə məhəndiyə (bədəndə xına ilə rəsmlər) ustalarının işləri ilə tanış olmuşlar. Böyük nümayiş zalında gecənin aparıcıları – RAGB-nin əlaqələndiricisi Natiq Əliyev və Yelena Tereşşenko gənc dizaynerlər Səbinə Abışova, Ülviyə Şabanova, Elnurə Bədəlova, Tamilla Baysaqurova, Ayna Maqomaliyeva, Vəfa Rəhmanova, Natalya Litvinova, Xədicə və Luiza Arapxanovalar, Olqa Petrova, Svetlana Privalovanın ən son moda kolleksiyalarından danışmışlar. Kolleksiyaların hazırlanmasında bu mövsümdə çox aktual olan ipək, şifon, krujeva və əlbəttə, hamının çox sevdiyi pambıq parçalardan istifadə olunmuşdu. Podiuma çıxan modellərin təqdimatında gündəlik həyat üçün rahat geyimlərlə yanaşı, qeyri-adi, avanqard üslubda ideyalar da maraq doğurmuşdur.
Tanınmış Rusiya dizayneri və stilisti Vladislav Lisovetsin rəhbərliyi ilə münsiflər heyətinin yekdil rəyinə əsasən azərbaycanlı dizayner Səbinə Abışovanın “Cəsarət” (Derzost) kolleksiyası birinci yerə layiq görülmüşdür.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva müsabiqənin diplomunu və “Baku” jurnalının hədiyyələrini Səbinə Abışovaya təqdim etmişdir. Elnurə Bədəlova “Dəlib keçən” (“Naskvoz”) kolleksiyasına görə münsiflər heyətinin sədri Vladislav Lisovetsin xüsusi mükafatını almışdır. Xədicə və Luiza Arapxanovaların “Möhtəşəm yüz il”, Ülviyə Şabanovanın “Kəpənək uçuşu”, Natalya Litvinovanın “Çayın üstündən uçarkən” kolleksiyaları münsiflər heyəti üzvlərinin ayrıca mükafatlarına layiq görülmüşdür. Sonda dizaynerlər tamaşaçıların alqışları altında kolleksiyaları nümayiş etdirmiş modellərlə birlikdə podiuma çıxmışlar.
Münsiflər heyətinin sədri Vladislav Lisovets AzərTAc-ın müxbirinə demişdir: “Çox şadam ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan və Rusiya dizaynerlərinin bir meydanda işləməsinə imkan yaradan belə bir layihə həyata keçirilmişdir. Bir bakılı kimi də bu tədbirdə iştirak etməkdən məmnunluq duyuram. Bu gecə burada olduqca səmimi ab-havanın şahidi oldum”.
“RAGB-Fashion day” bir çox beynəlxalq əhəmiyyətli moda müsabiqələrinə və nümayişlərinə ev sahibliyi edən Rusiya paytaxtının mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Müsabiqə iştirakçılarının fikrincə, layihə moda aləmində ilk addımlarını atan dizaynerlərin beynəlxalq moda industriyasına inteqrasiyası, ən qabaqcıl və cəsarətli ideyalarını tamaşaçılara təqdim etməsi, mötəbər moda mütəxəssislərinin rəyindən bəhrələnməsi, bu sahədə yeni tendensiyaları müzakirə etməsi üçün misilsiz fürsətdir.
Gecənin qonaqları arasında Rusiya və Azərbaycanın tanınmış ictimai xadimləri, məşhur stilistlər, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri var idi.

AzərTac