Litvada üç yaşlı qızın çəkdiyi rəsm əsasında Analar Gününə həsr edilmiş poçt markası buraxılmışdır
7.5.2013

Litvada hər il may ayının birinci bazar günü qeyd edilən Analar Günü münasibətilə poçt markası buraxılmışdır. Vilnüs Mərkəzi Poçt İdarəsində markanın möhürlənməsi mərasimi keçirilmişdir.
Adətən Litva Poçtu poçt miniatürləri üçün mövzunu özü seçir, lakin ötən il maraqlı variantlar axtarışında bütün arzu edənləri bu prosesə qoşulmağa dəvət etmişdir. Könüllülər “ana haqqında marka” buraxmağı da tövsiyə etmişlər. Təklif cəlbedici olduğu üçün poçt müsabiqə elan etmişdir.
Rəssam Eqle Yakutaviçyute demişdir: “Müsabiqənin şərtlərinə görə, mütləq uşaq rəsmindən istifadə olunmalıydı”. E.Yakutaviçyute rəsm çəkməyi sevən üçyaşlı istedadlı yaxın qohumunun şəkil albomunu vərəqləyərkən axtardığını tapmışdır. Balaca qızın anasının təbəssümü bütün üzünə yayılmış vəziyyətdə, boyu bərabərində, nazik ayaqlarla təsvir etdiyi rəsm münasib görünmüşdür. Bu parlaq və lakonik rəsm əsasında yaradılmış marka müsabiqədə qalib gəlmişdir.
Poçt markasının ümumi tirajı 80 min nüsxədir. Markanın 1,35 lit (0,40 avro) nominal dəyəri ölkə daxilində poçt göndərmələrinin haqqının ödənilməsi üçün kifayətdir.

Azərtac