Bakıda “Pinhol sərgisi” keçirilib
7.5.2013

Ümumdünya Pinhol Fotoqrafiyası Gününə həsr olunmuş Pinhol sərgi keçirilib.“İrəli” Təlim və Karyera Mərkəzi, Azərbaycan Fotoqraflar Birliyi və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə Ümumdünya Pinhol Fotoqrafiyası Gününə həsr olunmuş sərgidə 39 kadrı özündə əks etdirən 9 dəqiqəlik video çarx nümayiş olunub.

Fotolar 25 pinhol kamera ilə İçərişəhər qoruğu ərazisində çəkilib. Sərgidə həmçinin pinhol kameranın düzəlmə qaydası göstərilib və maraqlanan insanlara bu haqda məlumat verilib.

“İrəli” Təlim və Karyera Mərkəzinin rəhbəri Nihad Allahyarlı bildirib ki, kustar üsulla hazırlanmış fotokameralardan əldə olmuş 900 kadr içərisindən ən yaxşı 39 foto seçilib və sərgidə təqdim olunub.

Xatırladaq ki, Ümumdünya Pinhol Fotoqrafiyası Günü bu il Azərbaycanda “İrəli” Təlim və Karyera Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə qeyd olunub.

Qeyd edək ki, Pinhol Fotoqrafiyası kustar, lakin sadə üsullarla fotokameraların hazırlanması və bu kameralar vasitəsilə fotoların çəkilməsini özündə əks etdirir.

gun.az