Amerikanın dəbdəbəli “White Barn inn” mehmanxanasının sahibkarları yaqutu dəlicəsinə sevənlər üçün nəinki bu qiymətli daşa tamaşa edərək zövq almaq, həm də onu içmək imkanı yaratmışlar.
Bunun üçün sadəcə dünyada ən bahalı kokteyli sifariş etmək lazımdır.
Men ştatındakı lüks “White Barn inn” hoteli 40 illik yubileyini qeyd edir. Bu hadisənin şərəfinə tərkibi “Hangar one” arağı, kəndalaş çiçəklərindən alınmış “St.Germain” likörü, təzə çəkilmiş qreypfrut şirəsi, nar, qızılgül suyu və dörd karatlıq yaqutdan ibarət kokteyl hazırlanmışdır.
Yaqutlu kokteylin qiyməti 40 min dollardır. “White Barn inn” otelinə qiymətli daşları Nyu-York zərgərləri göndərəcəklər.
Otelin sahibi Metyu Svinford ehtimal edir ki, onlar bu cür kokteyldən heç olmazsa ikisini sata bilərlər.
“White Barn inn” otelinin müştərilərinin varlı sahibkarlar, şou-biznes ulduzları, tanınmış siyasətçilər olduğunu nəzərə alsaq, güman etmək olar ki, kokteylin alıcıları tapılacaqdır.
Qeyd etmək lazımdır ki, bu bahalı kokteyli müştəriyə M.Svinfordun özü gətirəcəkdir. İçki martini üçün nəzərdə tutulmuş qədəhdə veriləcəkdir. Qədəhin dibində isə yaqut olacaqdır.
“White Barn inn” otelində “zərgərlik” kokteylini artıq iyun ayından sifariş etmək olar.
AzərTac