Dünya şöhrətli İsveçli "ABBA" qrupunun xatirəsini əbədiləşdirmək üçün vətənində muzeyi açılıb. Paytaxt Stokholmda açılan muzey artıq fəaliyyətini dayandırmış əfsanəvi qrupun yaradıcılığını ən müasir texnologiyalar vasitəsilə işıqlandıracaq. Muzeydə "ABBA" pərəstişkarları onların holoqramı olan səhnəcikdə çıxış edə, mahnılarını kiçik bir studiyada yazdıra, qrupun 1970-ci illərdə geyindiyi paltarlarla, musiqi alətləri və albomları ilə tanış ola bilərlər.
Pərəstişkarların marağına səbəb olan eksponatlardan biri də qrup üzvlərinin 1974-cü ildə "Vaterloo" mahnısı ilə qalib gəldiyi "Eurovision" mahnı müsabiqəsində geyindikləri kostyumlardır.
"ABBA" muzeyinin icraçı-direktoru Matyas Hansonun sözlərinə görə, bu muzeydə olmaq üçün dünyanın dörd-bir yanından "ABBA" pərəstişkarları Stokholma gəlir. O, hesab edir ki, bu il İsveçdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə gələn xarici turistlərin axın edəcəyi yerlərdən biri də "ABBA" muzeyi olacaq.
ANS PRESS