Bu gün xalq artisti, görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür.
Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Şuşada doğulub.
Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub.
1930-cu ildə S.Hacıbəyov Bakıya köçüb. 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayıb, tərbiyə alıb.
Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır.
“Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya Teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulub. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olub. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü. Hacıbəyli özü tədris edirdi.
Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edib. O, 2 prelüd və fortepiano üçün sonata, İ.Zamanlının sözlərinə yazılmış “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar (1943) yazıb.
Böyük Vətən müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbətilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazıb. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır.
1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Üç hissədən ibarət olan əsər “Şur” muğamı üzərində bəstələnib.
Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri (“Yeni il”, “Bahar” və s.) var.
1953-cü ildə bəstəkar “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı” 6 uşaq nəğməsi yazıb.
1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini ərsəyə gətirib. Elə həmin illərdə S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O həmçinin bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib.
1950-ci illərdə bəstəkar Bolqarıstan və Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir.
1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır.
S.Hacıbəyov bir çox tamaşalara musiqi bəstələyib. Bunlardan M.İbrahimovun “Məhəbbət”, “Kəndçi qızı”, S.Vurğunun “İnsan”, S.S.Axundovun “Eşq və İntiqam”, S.Rəhmanın “Əliqulu evlənir” və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.
1947-ci ildən S.Hacıbəyov Konservatoriyada müəllimlik edir. 1947-62-ci illərdə Filarmoniyanın bədii rəhbəri, sonra isə direktoru vəzifəsində çalışıb. 1969-1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. S.Hacıbəyov 1974-cü ildə vəfat edib. Onun adı Sumqayıt musiqi məktəbi ilə əbədiləşdirilib.
gun.az