Ərlərindən çox qazanan tanınmış qadınlar
10.5.2013

Müasir dünyada qadınlar ərləri ilə sosial rifah, nüfuz və şöhrət sahəsində qazandıqları nailiyyətlərlə nəinki bərabər rəqabət aparır, həm də çox vaxt onları özlərindən xeyli geridə qoyurlar.
Müğənni Beyons həyat yoldaşı Jaj-Z ilə birlikdə dünyada əməkhaqqısı ən yüksək olan cütlük sayılır. Beyons ildə 87 milyon dollar qazanır, halbuki səsyazma studiyası olan ərinin cəmi 40 milyon dollara gücü çatır.
Dünyanın ən yüksək məvacibli modeli Jizel Bundhen əri – futbolçu Tom Bredlə müqayisədə iki dəfə çox qazanır: modelin 45 milyon dolları müqabilində Tomun payına cəmi 27 milyon dollar düşür.
Pank-rok-müğənni Qven Stefani də maliyyə məsələlərində ərini – Britaniyanın “Bush” rok-qrupunun vokalçısı Gevin Rossdeyli kölgədə qoymuşdur. Qven ailə büdcəsinə təxminən 80 milyon dollar gətirdiyi halda, rok-ailənin başçısının əli pula hələ indi-indi çatmağa başlayıb.
Müğənni Meraya Keri “American Idol” şousu ilə müqavilə imzalamışdır. Bu müqavilə ona ildə rekord məbləğdə gəlir - 520 milyon dollar gətirir. Qeyd edək ki, müğənni realiti-şounun ən yüksək məvacibli hakimi olmuşdur. Merayanın həyat yoldaşı aktyor Nik Kennon isə ailə büdcəsini 25 milyon dollar “cib xərci” ilə zənginləşdirir.
Birlikdə 50 milyon dollar qazanan Bred Pitt və Ancelina Coli cütlüyü ən yüksək məvacibli aktyorlar siyahısında üçüncü yeri tutur, amma ümumi gəlirdə Colinin payı 30 milyon dollar təşkil edir.
Hollivudun ən populyar və tanınan aktrisalarından sayılan Riz Uizerspunun qonorarlarının məbləği 15 milyon dolları ötüb keçmişdir, halbuki Oskar mükafatlı aktrisanın həm də agenti olan əri ondan xeyli az qazanır.
Natali Portman rəqqas Bencamin Milpyen ilə ailə həyatının dadını çıxarır. “Qara qu quşu”nun ulduzu 2012-ci ilin ən gəlirli aktyorları reytinqinə başçılıq etmişdir: prodüserlərin onun qonorarına yatırdığı hər dollar kassa yığımlarından 42,7 dollar şəklində geri qayıtmışdır. Üstəlik, aktrisa reklam kampaniyalarından milyonlar qazanır. Bencaminin isə “qaz vurub, qazan doldurmaq” məsələlərində bəxti hələlik gətirmir.
Hollivud elitasındakı yerini inamla qoruyub saxlayan Nikol Kidman aktyorlar siyahısının liderləri sırasındadır. Nikolun bir filmə görə qonorarları 17 milyon dollara çatır, halbuki əri – müğənni Kit Urban hər konsertinə görə təxminən 500 000 dollar qazanır.
Üç dəfə “Oskar” mükafatına layiq görülmüş Meril Strip də böyük məbləğdə qonorarlar alır. Aktrisa artıq uzun illərdir heykəltəraş Don Hammerlə yaşayır və çətin ki onun pullarının haqq-hesabını aparır.

AzərTac