Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində mayın 12-də Bakıda “Yer kürəsi uşaqların gözü ilə” devizi altında gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi açılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla xanım Əliyeva “Yer kürəsi uşaqların gözü ilə” devizi altında keçirilən gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisinin açılışında iştirak etmişdir.
Mayın 14-dək davam edəcək festival və sərgi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur. Festival və sərginin təşkilatçıları İDEA Kampaniyası və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.
Əvvəlcə gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi çərçivəsində qrafit sərgisi ilə tanışlıq olmuşdur.
Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Böyük Britaniyadan olan rəssamların işlərinin nümayiş olunduğu sərgidən məqsəd ekoloji maarifləndirməni təbliğ etməkdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və ənənəvi Gül bayramı günlərinə təsadüf edən bu beynəlxalq festivala Bakının ev sahibliyi etməsi gənc istedadların qədim mədəniyyətin, möhtəşəm memarlığın və bayramların gözəlliklərini fotoaparatın yaddaşına köçürmələri üçün yaxşı imkan yaratmışdır.
Bu festival-müsabiqə ən yaxşı 100 fotoşəkilin seçilməsi şansını yaratmışdır. Festival çərçivəsində “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” devizləri altında keçirilən müsabiqə dünyanın 90 ölkəsindən minlərlə gəncin diqqətini cəlb etmişdir. Fotomüsabiqə sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur.
Gənclərin birinci beynəlxalq fotofestivalı və sərgisində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi və təşəbbüskarı Leyla xanım Əliyeva ölkəmizin ecazkar təbiəti və faunası ilə tanındığını bildirdi. Son zamanlar ölkə həyatının bir çox sahələrində olduğu kimi, ekologiya sahəsində də inkişafın müşahidə olunduğunu bildirən Leyla xanım Əliyeva sərginin əhəmiyyətindən danışaraq dedi:
- Əziz dostlar! Bugünkü sərginin mövzusu - “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” fotoqraflara təbiət haqqında fikirləri ifadə etmək imkanı yaradır. Dünyanın istedadlı gəncləri “Yer kürəsi uşaqların gözü ilə” sərgisi vasitəsilə ekspertlərə, məsul şəxslərə və bütün dünyaya ətraf mühitdə mövcud olan mühüm problemləri təqdim edirlər. Mən bizim bu festival-sərginin hər il keçirilməsi barədə məlumatı sizə çatdırmaqdan məmnunam. Ümidvaram ki, bu, dünyada olan bütün uşaqları və gəncləri bir ümumi məqsəd ətrafında birləşdirəcək, insanları həmin problemi həll etməyə ilhamlandıracaqdır. Fikrimcə, ətraf mühitin fotosunu çəkənlər – bizim gözlərimizdir. Doğrusu, fotoqrafların ətraf mühiti göstərmək üsulu dəyişməlidir. Çox zaman biz Facebook, İnstaqram kimi sosial şəbəkələrdə gözəl fotolar görürük. İncəsənəti dəyərləndirən bir insan kimi mən inanıram ki, təbiəti ancaq gözəl tərəfdən göstərmək düzgün ideya deyildir. Bu gün burada gördüyümüz fotolar 90 ölkənin gəncləri tərəfindən təqdim edilən minlərlə foto arasından seçilib.
Gənc fotoqrafların kreativ şəkillərində dünyadakı problemlərin əks olunduğunu deyən İDEA-nın təsisçisi qeyd etdi ki, bu, planetimizi qorumaq üçün insanları konkret addımlar atmağa sövq edəcəkdir. Leyla xanım Əliyeva sərgi-festivalda iştirak etmək üçün ölkəmizə səfər edən qonaqların qədim paytaxtımıza gəlişinin gözəl günlərə təsadüf etdiyini qeyd etdi. Bildirdi ki, bu günlərdə Azərbaycanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi və Gül bayramı qeyd edilir. Bu, gənc fotoqraflar üçün ölkəmizi bayram günlərində fotoobyektivin gözü ilə bütün dünyaya təqdim etmək üçün daha bir şansdır. Əminəm ki, bu festival böyük uğur hekayəsi olacaqdır.
Qonaqları Azərbaycanda salamlayan Leyla xanım Əliyeva bu sərgi-festivalın ölkəmizlə daha yaxından tanış olmaq imkanı yaratdığını da bildirdi.
Festival çərçivəsində İDEA tərəfindən mükafatlar təqdim olundu.
Mükafata layiq görülən İngiltərənin “National Geographic Kids” jurnalının keçmiş baş redaktoru, hazırda festivalın kataloqunun baş redaktoru Loren Cervez fotoların planetimizi qorumaq istiqamətində gənclər üçün platforma olduğunu söylədi.
Mükafata layiq görülən Fransanın “Polka” jurnalının redaktoru, gənclərin birinci Beynəlxalq fotomüsabiqəsinin münsiflər heyətinin üzvü Alen Cenestar fotoların yalnız göz ilə deyil, ürəklə təsvir olunduğunu dedi. Bildirdi ki, onların məqsədi fotolar vasitəsilə cəmiyyətin diqqətini təbiətin qorunmasına cəlb etməkdir.
Xüsusi mükafatı alan dünyanın tanınmış fotoqrafı, müsabiqənin münsiflər heyətinin sədri Reza Deqaiti gənc fotoqraflarla təcrübəsini bölüşdü, Qarabağda, Şuşada çəkdiyi fotolarını nümayiş etdirdi. Bildirdi ki, o, həyatında 12 mindən çox qaçqın uşağın fotosunu lentə alıb və bu fotolar sayəsində 3 min 500 uşağın valideyni tapılıb.
“Planetimiz uşaqların gözü” ilə filmi nümayiş olunduqdan sonra ən həyəcanlı an yetişdi. Fotomüsabiqənin qaliblərinin adları elan edildi. Bunlar Fransa, Hindistan, Kanada, Sloveniya, Cənubi Afrika, Ukrayna, Nepal, Türkiyə, Böyük Britaniya, İndoneziya və İspaniyadan olan uşaqlardır.
Dünya şöhrətli fotoqraf Reza Deqatinin sədrlik etdiyi münsiflər heyətinə “Reuters”, “Polka” jurnalı, “National Geographic”, “Associated Press” və foto sahəsində tanınmış digər qurumların nümayəndələri daxildir.
Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilmişdir. Onlardan yalnız yüzü yaxşısı festival-sərgidə nümayiş olunur.
Müsabiqənin qaliblərinə mükafatlar, o cümlədən kamera avadanlığı təqdim edildi. Onlar, həmçinin dünyada məşhur fotoqraf Reza Deqaitinin fotoseminarında iştirak etmək imkanı əldə etdilər.
Fotosərgi və festivalın açılış mərasimində qonaqlar milli musiqimizlə tanış olmaq imkanı da qazandılar.
Reza Deqaiti ikinci müsabiqənin də başlandığını elan etdi. Bildirdi ki, bu müsabiqə “Su həyatdır. Susuz həyat mümkün deyil” adlanacaqdır.
Sonda İDEA-nın himni səsləndi.
AzərTac