XIX əsrin ortalarında bütün dünyaya yayılmış taun xəstəliyi neçə əsrlər əvvəl Roma İmperiyasının ərazisində tüğyan etmiş və ehtimal ki, onun süqutuna gətirib çıxarmışdır.
Alimlər taun qurbanlarının DNT skeletlərini tədqiq etdikdən sonra belə qənaətə gəlmişlər.
Mütəxəssislər əmindirlər ki, “qara ölüm” kimi məşhur olan xəstəliyi törədən “Yersinia Pestis” bakteriyası eramızın VI əsrində təxminən 100 milyon insan məhv etmişdir.
Alimlərin hesablamalarına görə, taun xəstəliyinin ən qızğın dövründə Konstantinopolda hər gün beş min adam tələf olmuş, epidemiyanın tüğyan etdiyi bütün dövr ərzində əhalinin təxminən yarısı qırılmışdır.
“Daily Mail” qəzeti Maynts Universitetinin Antropologiya İnstitutundan doktor Barbara Bramantinin “Alimlər pandemiya törədicisi barədə uzun müddət mübahisə etmişlər, lakin yalnız sümük qalıqlarının DNT analizləri mübahisələrə son qoymuşdur” sözlərini sitat gətirmişdir.
Tədqiqatçılar bu sirri aşkar etmək üçün Bavariyadakı (Almaniya) orta əsrlərə məxsus məzarlıqdakı insan qalıqlarından götürülmüş 19 dişin DNT-ni tədqiq etmişlər. Mütəxəssislərin sözlərinə görə, nəticələr göstərmişdir ki, “Yersinia pestis “ bakteriyaları birinci pandemiyanın törədiciləri olmuşdur.
Çox güman, İtaliyaya xəstəliyi Qərbi Roma İmperiyasının itirilmiş torpaqlarını geri qaytarmaq və dövlətin sərhədlərini bərpa etmək istəyən Bizans İmperatoru I Yustinianın qoşunları gətirmişdir.
Ekspertlər bildirirlər ki, Yustinian taunu Alp dağlarını aşaraq indiki Bavariya ərazisində insanları öldürməyə başlamışdır. Sonralar “qara ölüm” bütün Avropaya yayılmışdır.
AzərTac