Heydər Əliyev Fondunun, “Baku” jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyanada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılmışdır
15.5.2013

Mayın 14-də Vyanada Heydər Əliyev Fondunun, “Baku” jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyana İncəsənət Tarixi Muzeyində “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışı olmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə iştirak etmişdir.
Açılış mərasimində çıxış edən Vyana İncəsənət Tarixi Muzeyinin sərgilərin idarə olunması şöbəsinin rəhbəri Kristian Hölzl bu sərginin Vyanada açılmasından məmnun olduğunu bildirmişdir. O demişdir ki, Avstriya tarixinin qiymətli əsərlərinin qorunduğu bu muzey “Bakıya uçuş” sərgisini qəbul etməkdən məmnundur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış etmişdir.
Azərbaycanın tarixi və zəngin mədəniyyəti barədə danışan Leyla xanım Əliyeva demişdir ki, müsəlman aləmində ilk qız məktəbi Azərbaycanda yaranmış, Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulmuş, Şərqdə ilk opera bizim ölkəmizdə səhnələşdirilmişdir. “Azərbaycanın paytaxtı Bakı müasirlik və qədimliyin sintezidir”, - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti məhz buna görə də bu şəhərin bütün dövrlərdə insanlar üçün maraqlı olduğunu vurğulamışdır.
Leyla xanım Əliyeva “Baku” jurnalının fəaliyyətindən danışmış, bu nəşrin Azərbaycanın təbliğinə xüsusi diqqət göstərdiyini bildirmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti sərginin əhəmiyyətini qeyd edərək demişdir:
- Əziz dostlar! Sənət mənim həmişə həssaslıqla yanaşdığım sahədir. Mən çox şadam ki, bu sərgi Azərbaycandan olan istedadlı rəssamlara öz əsərlərini dünyaya nümayiş etdirmək üçün imkan yaradır. Bu sərgidə 21 rəssamın 100-dən çox əsəri təqdim olunur. Buraya rəsm əsərləri, videoinstalyasiyalar, heykəllər və fotoşəkillər daxildir. Biz artıq bu sərgini Avropanın 5 paytaxtında - Londonda, Parisdə, Berlində, Moskvada və Romada təşkil etmişik. Əlbəttə, Vyanada - qədim tarixə malik bu gözəl şəhərdə olmaqdan çox məmnunuq. Düşünürəm ki, bu şəhər Avropanın mühüm mədəni sütunlarından biridir.
Sərginin kuratoru Erve Mikaeloff Avropanı gəzən bu sərginin Avstriyanın paytaxtı Vyanada açılmasından məmnun olduğunu demiş və sərginin işinə uğurlar arzulamışdır.
Daha sonra “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanışlıq olmuşdur. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgini Şərq və Qərb mədəniyyətinin sintezi olan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar. Sərgidə Altay Sadıxzadənin, Leyla Əliyevanın, Müseyib Əmirovun, Adil Yusifin, Zərnişan Yusifin, Əliyar Əlimirzəyevin, Rəşad Ələkbərovun və başqalarının əsərləri üslubu ilə iştirakçıları özünə cəlb edir. Sərgidəki əsərlərdə dövrümüzün aktual mövzularına toxunulur, eksperimental yanaşmalardan istifadə edilir. Bu əsərlər fərqli forma və rənglə diqqəti çəkir. Müasir incəsənətin bu maraqlı nümunələri qeyri-adi düşüncənin məhsulu olaraq, maraqlı işlənmə texnikası ilə seçilir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir.
Bununla yanaşı, sərgi Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində atdığı addımların nə qədər uğurlu olduğunu bir daha təsdiqləyir. Belə layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir.
Sərginin ovqatı həm də onu nümayiş etdirir ki, Azərbaycanda mədəniyyətə və sənətə hər zaman böyük diqqət olmuş, ölkəmizdə mədəniyyətin inkişafı, azad yaradıcılıq imkanlarının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir.
Vyanada “Bakıya uçuş” sərgisi mayın 26-dək davam edəcəkdir.

AzərTac