Tanınmış Hollivud aktrisası Ancelina Coli mayın 14-də “Nyu-York tayms” qəzetinə müsahibəsində etiraf etmişdir ki, onkoloji xəstəliyin inkişafının profilaktikası məqsədi ilə süd vəzilərinin kəsilib götürülməsinə dair bir neçə cərrahiyyə əməliyyatı keçirmişdir.
Onun sözlərinə görə, cərrahi müdaxilənin son mərhələsi aprelin axırlarına təsadüf etmişdir. Əməliyyatlar barədə qərar analizlər kino ulduzunun döş xərçəngi xəstəliyinə tutulması ehtimalının 87 faizə bərabər olduğunu göstərdikdən sonra qəbul edilmişdir.
A.Coli demişdir: ”İndi uşaqlarıma deyə bilərəm ki, onlar məni xərçəng xəstəliyi üzündən itirməkdən ehtiyat etməməlidirlər”. Cərrahiyyə əməliyyatları aktrisanı vətəndaş nikahında olduğu əri Bred Pit dəstəkləmişdir. Ancelina bildirmişdir ki, onlar hətta bu cür mürəkkəb vəziyyətdə də “gülməyə vaxt və bəhanə tapmışlar”.
Amerikalı aktrisanın sözlərinə görə, öz əhvalatını bölüşmək barədə qərar qəbul etməsinə minlərlə başqa qadına onlar üçün də çıxış yolunun olduğunu başa salmaq istəyi səbəb olmuşdur. O demişdir: “Mən cərrahiyyə əməliyyatlarını gizlətmək istəmirəm, çünki qadınların çoxu xərçəng təhlükəsi ilə yaşadıqlarını əslində bilmirlər”. Aktrisa xatırlatmışdır ki, onun anası 2007-ci ildə 56 yaşında bu dəhşətli xəstəlikdən vəfat etmişdir.
AzərTac