Gənclər üçün “Arxeoloji düşərgə 4” layihəsi keçiriləcək
15.5.2013

“İrəli” Tarix Mərkəzi “Arxeoloji düşərgə 4” layihəsinə start verir.

“İrəli”nin mətbuat xidmətindən Gün.Az-a verilən xəbərə görə, arxeoloji düşərgə Azərbaycanın qədim tarixə malik 3 şəhərində 10 gün müddətinə davam edəcək.

“Arxeoloji düşərgə 4” layihəsinə qoşulmaqla iştirakçılar arxeoloji qazıntılarda iştirak etmək, tariximizi əyani olaraq öyrənmək, abidələrimizi tanımaq imkanı əldə edəcəklər.

Layihədə iştirak etmək istəyən gənclərin öz CV-lərini 10 iyun tarixinə qədər history@ireli.az elektron ünvana göndərmələri mümkündür.

Qeyd edək ki, “İrəli” Tarix Mərkəzinin 2009-cu ildən həyata keçirdiyi “Arxeoloji düşərgə” layihəsinə 500 gənc qatılıb. Gənclər Azərbaycanın Goranboy, Ağcabədi, Ordubad, Şəmkir, Qəbələ, Gəncə və Ağsu rayonlarında aparılan arxeoloji qazıntılarda iştirak ediblər.

Gün.Az