Bu gün - 15 may Beynəlxalq Ailə Günüdür.
Ailə günü BMT Baş Assambleyasının 1993-cü ildə qəbul etdiyi qərarına əsasən 19 ildir ki, qeyd edilir.
Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdi.
Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulur.
Eyni zamanda məqsəd dünyanın hər tərəfində işçilərin ailələrini maddi və mənəvi cəhətdən təmin etməklə yanaşı, yaşadıqları cəmiyyətin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə yardım etməkdir.
Qeyd edək ki, Azərbaycan xalqının dərin ailə bağları mövcuddur.
Bu ilin əvvəlindən rəsmi orqanlar tərəfindən 16,1 min nikah qeydə alınıb.
Ancaq təəssüf ki, ölkədə nikaha daxil olanların sayının artması ilə yanaşı ildən-ilə boşanmaların da sayında artım qeydə alınır.
Əhalinin hər 1000 nəfəri hesabı ilə 2012-ci ilə nisbətən nikahların sayı 6,4-dən 7,1-ə qədər, boşanmaların sayı isə 1,1-dən 1,2-yə qədər artıb.
Bu ilin ilk 3 ayı ərzində 2,8 min boşanma qeydə alınıb ki, bu da evlənənlərin 17,4 faizinə bərabərdir.
2013-cü ilin yanvar-mart aylarında birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27,1 yaş, qadınlar arasında isə 23,7 yaş təşkil edir.
Gün.Az