Eurovisionun Gürcüstan təmsilçilərinin Azərbaycanla bağlı açıqlaması
15.5.2013

Azərbaycan gözəl və Odlar Yurdu kimi tanınan bir ölkədir.

Ölkənizin insanları da çox mehriban və səmimidirlər. Buradan Azərbaycanda hər kəsi salamlayır və bağrımıza basırıq.

Bu sözləri Gürcüstanı “Eurovision-2013” mahnı müsabiqəsində təmsil edən Nodi Tatishvili və Sofiya Gelovani cütlüyü müsahibəsində söyləyib.

Nodi Tatishvili və Sofiya Gelovani Azərbaycanın təmsilçisi Fərid Məmmədovun ifasında “Hold me” mahnısını heyranlıqla dinlədiklərini deyib. “Biz sözün əsl mənasında şokda idik. Bu kompozisiya özünəməxsusluğu ilə indiyədək eşitdiyimiz bütün “Eurovision” mahnılarından seçilir. Tamamilə heyrətamizdir. Biz bu mahnıya və ifaya vurulmuşuq. Azərbaycanı çox sevirik. Ölkəniz bu müsabiqəyə ötən il yüksək səviyyədə ev sahibliyi etdi. Azərbaycana bu müsabiqədə də uğurlar arzulayırıq. İnanırıq ki, Gürcüstan və Azərbaycan bu yarışmada layiqli yerləri qazanacaqlar”.

Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsini izlədiklərini də söyləyən Nodi Tatishvili və Sofiya Gelovani, ölkəmizin ev sahibliyi etdiyi mötəbər yarışmanı ən möhtəşəm şou kimi dəyərləndiriblər.

Big.az