Arif Quliyevin 63 yaşı tamam olur
16.5.2013

Bu gün xalq artisti Arif Quliyevin doğum günüdür. Aktyor açıqlamasında doğum gününü ailəsi və yaxınları ilə qeyd edəcəyini deyib: “Özümü əvvəlkinə nisbətən yaxşı hiss edirəm. Bu doğum günümü də həmişə olduğu kimi, öz vətənimdə dostlarımla, ailəmlə, tamaşaçılarımla birgə keçirəcəyəm”.

A. Quliyev hazırda özünün yaratdığı Satira Teatrında çalışdığını bildirib: “Bizim teatr 80-ci illərdən fəaliyyət göstərir. Səhhətimlə bağlı bir ildir ki, yeni çıxışlar hazırlamasaq da, gələcəkdə teatrın fəaliyyətinin daha aktiv olması üçün səy göstərirəm”.

Xalq artisti təkliflər olarsa, yenidən Musiqili Komediya Teatrında müqavilə ilə işləməyə hazır olduğunu söyləyib: “Bildiyimiz kimi, müqavilə əsasında hansısa tamaşada rol oynamaq mümkündür. Əgər belə bir təklif olsa, məmnuniyyətlə qəbul edərəm”.

Aktyor səhhəti ilə əlaqədar təqaüdə çıxacağını da açıqlayıb: “Mənim qırx iki illik iş stajım var. Səhhətimdə də problemlər olduğu üçün təqaüdə çıxmaq üçün müraciət etmişəm. Amma öncədən bildirdiyim kimi, fəaliyyətimə davam edəcəyəm”.

APA