Mayın 15-də Fransanın Kann şəhərində 66-cı Beynəlxalq kinofestivalı başlamışdır.
Bu ənənəvi dünya şöhrətli festival Avstraliya rejissoru Baz Lurmanın "Dahi Qetsbi" filmi (baş rolda Leonardo Di Kaprio) ilə açılmışdır.
Mayın 26-dək davam edəcək müsabiqənin proqramına Nikolas Vindinq Refn, Roman Polanski, Fransua Ozan kimi rejissorların filmləri də daxildir. Festivala fransalı rejissor Jerome Sallenin "Zulu" kriminal trilleri ilə yekun vurulacaqdır.
Ekran əsərlərini məşhur Amerika rejissoru və prodüseri Stiven Spilberqin başçılıq etdiyi münsiflər heyəti dəyərləndirəcəkdir. Heyətə hindistanlı aktrisa Vildya Balan, yapon rejissoru Naomi Kavase, amerikalı aktrisa Nikol Kidman və başqaları daxildirlər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, Azərbaycan ötən il olduğu kimi, bu il də festivalda öz pavilyonu ilə təmsil olunur. Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və başqaları daxildirlər.
Azərbaycan pavilyonunda son illərdə lentə alınmış filmlərimiz, kinomuzun tarixini və bu gününü əks etdirən çap və reklam məhsulları nümayiş etdiriləcəkdir.
Festival çərçivəsində "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov xarici prodüserlərlə görüşlər keçirəcəkdir. Ölkəmizin biznes və turizm imkanlarını nümayiş etdirən disklər, reklam və videoçarxlar festivalın qonaqlarına və iştirakçılarına təqdim ediləcəkdir.
AzərTac