Azərbaycanın Qəbələ şəhərində III Beynəlxalq musiqi festivalı və Pianoçuların Beynəlxalq müsabiqəsi keçiriləcəkdir.
Bu barədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, eyni zamanda festivalın musiqi direktorlarından biri Fərhad Bədəlbəyli məlumat vermişdir. Vurğulamışdır ki, festival çərçivəsində iyulun 15-dən 22-dək Qəbələdə Pianoçuların Beynəlxalq müsabiqəsi keçiriləcək və bu müsabiqədə dünyanın 30-dan artıq ölkəsindən gənc pianoçular yarışacaqlar. F.Bədəlbəyli demişdir ki, müsabiqənin qalibinə 30 min dollar pul mükafatının verilməsi nəzərdə tutulmuşdur. Dünyanın müxtəlif yerlərindən 30-35 pianoçu Qəbələyə gələcəkdir. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival ənənəvi olaraq hər ilin yay mövsümündə Qəbələdə baş tutur.