Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə nağdsız ödənişlərin inkişafına dair təkliflər paketini hökumətə təqdim edib.
Bunu AMB sədrinin birinci müavini Alim Quliyev bildirib.A.Quliyevin sözlərinə görə, təkliflərdə bir sıra stimullaşdırıcı, inzibati və nağd ödənişlərin məhdudlaşdırılması ilə bağlı tədbirlər əksini tapıb. Belə ki, stimullaşdırıcı tədbirlər sırasında ən vacibi kimi nağdsız ödənişlərdə vergi güzəştlərinin tətbiqini qeyd etmək olar. Bundan başqa, inzibati tədbir kimi ölkədəki bütün təsərrüfat subyektlərində, o cümlədən həm dövlət, həm də özəl müəssislərdə əmək haqlarının yalnız plastik kartlarla ödənilməsi təklif olunur. Həmçinin təklif edilir ki, ölkə daxilində nağd ödənişlərin məbləği və məqsədləri üzrə məhdudiyyətlər tətbiq olunsun.
A.Quliyevin sözlərinə görə, inkişaf etmiş ölkələrdə belə məhdudiyyətlər mövcuddur və onlar həmin məhdudiyyətlərə düşən ödənişlərin ya plastik kartlarla, ya digər nağdsız vasitələrlə həyata keçirilməsini nəzərdə tutur.
AMB rəsmisi həmçinin qeyd edib ki, Mərkəzi Bankı hökumət ödəniş portalı yaradıb və hazırda burada kommunal ödənişlərlə yanaşı, bir sıra dövlət qurumları ilə əlaqədar olan ödənişlər qəbul olunur. A.Quliyev bildirib ki, hazırda portalın genişləndirilməsi ilə bağlı işlər aparılır və bütün büdcə ödənişlərinin burada toplanması nəzərdə tutulur.
ANS PRESS