Bərdə şəhərindən velosipedlə səfərə çıxan azərbaycanlı səyyah Daşkənddən Yaponiyaya istiqamət götürmüşdür
20.5.2013

Aprelin 9-da Bərdə şəhərindən velosipedlə səfərə çıxan azərbaycanlı səyyah Ramil Ziyadov Bərdə-Bakı-Dağıstan-Kalmıkiya-Həştərxan-Qazaxıstan-Özbəkistan marşrutu üzrə hərəkət edərək Daşkənd şəhərinə gəlmişdir.

O, Azərbaycanın Özbəkistandakı səfirliyində və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olmuş, Ulu Öndərin buradakı abidəsi önünə gül dəstəsi qoymuşdur.

Yaponiyanın Özbəkistandakı səfirliyindən viza alaraq “Gündoğar” ölkəyə yola düşən səyyah bildirmişdir ki, Bərdədən Yaponiyaya 14 min kilometr məsafə var. Velosipedçinin təxmini hesablamasına görə, o, Yaponiyaya avqustun sonu, sentyabrın əvvəllərində çatacaq. Ramil Ziyadov Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı götürdüyü elektron materialları yolboyu yayır, görüşdüyü adamlara ölkəmiz haqqında bilgilər verir. Axşamlar isə yaşayış məntəqələrinin yaxınlığında çadır qurur və yerli sakinləri Azərbaycanın milli xörəklərinə qonaq edir.

Səyyah demişdir ki, maddi dəstək olsa, səyahətini davam etdirərək Yaponiyadan Amerika Birləşmiş Ştatlarına getməyi düşünür.

AzərTAc