Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operasının tamaşası keçiriləcəkdir.
“Karmen” dünya opera sənətinin inciləri sırasına daxildir və operasevərlərin ən sevimli əsərlərindən biri sayılır.
Opera və Balet Teatrının mətbuat xidmətindən bildirmişlər ki, teatrın rəhbərliyi ilk dəfə olaraq bu tamaşada Karmen partiyasını ifa etmək üçün hazırda Avropada çox populyar olan vokalçılardan biri – K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının aparıcı solisti, Vokalçıların M.Qlinka adına və Beynəlxalq “Bellini” müsabiqəsinin “Qran-pri” mükafatı və qızıl medalının sahibi Larisa Andreyevanı dəvət etmişdir.
L.Andreyeva bir çox ölkələrin – Danimarka, Hollandiya, Almaniya, İspaniya, Fransa, İngiltərə, İtaliya, Portuqaliya və Yaponiyanın opera teatrlarında uğurlu qastrol səfərlərində olmuşdur. Portuqaliyanın Lissabon şəhərində keçirilən Beynəlxalq opera festivalında o, Karmen rolunun ən yaxşı ifaçısı üçün təsis edilmiş mükafata layiq görülmüşdür. Xarici kütləvi informasiya vasitələri L.Andreyevanın ifası haqqında yüksək fikirlər söyləyir, onu dünya operasının dühası və ulduzu, parlaq aktrisa adlandırırlar.
Tamaşada L.Andreyeva ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Azərbaycanın Xalq Artisti - Əli Əsgərov (Suniqo), Əməkdar Artist İnarə Babayeva (Mikaella), həmçinin gənc və istedadlı vokalçılar - Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev (Xoze) və Anton Ferştandt (Eskamilio) çıxış edəcəklər.
Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.
AzərTAc