Azərbaycan nümayəndələri Vilnüsdə keçirilən xeyriyyə tədbirində iştirak etmişlər
5.12.2011

Beynəlxalq Qadınlar Klubu Vilnüsdəki Ratuşa binasında ölkədə akkreditə olunmuş səfirlərlə birlikdə Litvanın sabiq prezidenti Valdas Adamkusun həyat yoldaşı Alma Adamkenenin dəstəyi ilə Beynəlxalq milad xeyriyyə bazarı təşkil etmişdir. Satışdan əldə edilən vəsait qocalar və uşaq evlərinə, xəstəxanalara köçürülmüşdür.
GoMap-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bu xeyriyyə tədbirində Azərbaycan da təmsil olunmuşdur. Azərbaycanın Litvadakı səfiri Nairə Şahtaxtinskayanın rəhbərliyi ilə ölkəmizin diplomatik nümayəndəliyi stend təşkil etmişdir. Litvada təhsil alan azərbaycanlı tələbələr tədbirə gələnlərə kəlağayılar, əl ilə işlənmiş milli suvenirlər, Azərbaycan bəstəkarlarının mahnıları yazılmış kompakt disklər, ölkəmiz haqqında kitablar təklif etmişlər.